YAĞMUR YAĞIR

*  Şakir Məhbusi

*

Bu gecə,şimşəklər çilikləyir

bulud evlərin pəncərəsini,

küləklər üşüdür səssiz yarasaların

zümzüməsini  -yağmur yağır-

Üşüyür, bir uşağın

bayaqdan həyətdə sürdüyü,

toz basmış kirli oyuncağı,

darıxır səndən ötrü   

sevgimizin isti qucağı  -yağmur yağır-

*

Gizlənib yağmurdan

ləçəklər altında may böcəkləri,

sarılıb gecənin qoynuna bir gözəlin

qarara hörukləri  -yağmur yağır-

*

Çəkir göylərə gözlərimin yuxusunu,

yuyur əllərimdən  

ipək saçlarının qoxusunu -yağmur yağır-

*

Yağmur yağır

öpür damla damla yanaqlarından.

qorxuram  yuyub aparsın adımı

 -həlim dodaqlarından –

yağmur yağır…

yağmur yağır…

*

  Şakir Məhbusi-AZƏRBAYCAN.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir